GuidePedia

Beynəlxalq Seminar



Bu gün Bakı Ali Neft Məktəbində “Yataqların işlənməsinin və dənizdə və quruda karbohidrogenlərin hasilatının müasir texnologiyaları” mövzusunda beynəlxalq seminar öz işinə başlayıb.
BANM-dən verilən məlumata görə, seminar “Əsrin müqaviləsi”ninimzalanmasının 20-ci ildönümünə həsr olunmuş tədbirlər çərçivəsində keçirilir.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov seminarı açaraq tədbirin Ümummilli lider Heydər Əliyevin irəli sürdüyü və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurla həyata keçirdiyi, müstəqil Azərbaycanın indiki inkişafını təmin etmiş “Əsrin müqaviləsi”nin 20-ci ildönümünə həsr olunduğunu qeyd edib.
O, bildirib ki, seminar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin dəstəyi ilə Böyük Britaniyanın “ConfidenceCapitalltd.” Şirkəti ilə birlikdə keçirilir və məqsəd Azərbaycanın neft-qaz yataqlarının işlənməsində, o cümlədən quruda və dənizdə karbohidrogenlərin hasilatı sahəsində əldə etdiyi təcrübənin xarici ölkələrin mütəxəssisləri arasında yayılmasıdır.
Seminarın məşğələlərini Neft-qaz mühəndisliyi kafedrasının müdiri, professor Arif Məmmədzadə və Böyük Britaniyadan dəvət olunmuş mütəxəssis Hernan De Kaso aparacaqdır. Dinləyiciləri Azərbaycanın, Rusiyanın və Ukraynanın neft-qaz sektorunun mütəxəssisləridirlər.
Oktyabrın 8-9-da seminarın iştirakçıları üçün neft-qaz yataqlarının ümumi xarakteristikaları, yataqların işlənməsinin tənzimlənməsi, neftveriminin artırılması üsulları, neft-qaz hasilatı texnologiyaları və s. məsələlər üzrə məruzələr təqdim olunacaqdır.
Oktyabrın 10-11-də seminarın iştirakçıları üçün “Neft Daşları”na texniki səfər təşkil olunacaq və seminar 2 gün ərzində orada öz işini davam etdirəcəkdir.
                                            (c)edu.gov.az
 
Top